QİÇS-LƏ MÜBARİZƏ SAHƏSİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
Çoxlu gəncin, ictimaiyyətin nümayəndələrinin, idmançıların iştirak etdikləri tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hana Singer, “İnkişaf naminə təşəbbüs” ictimai birliyinin təmsilçisi Cəmilə İsmayılova çıxış edərək bildirmişlər ki, hazırda dünyada 42 milyondan artıq insan immun çatışmazlığı virusunun (İÇV) daşıyıcısıdır. Son 20 ildə 30 milyondan artıq adam QİÇS xəstəliyindən ölmüşdür, hər 7 saniyədə bir nəfər bu xəstəliyin qurbanı olur, dünyada hər dəqiqə bir uşaq İÇV-yə yoluxur. Rəsmi məlumata görə, Azərbaycanda 978 nəfər virus daşıyıcısıdır.
Bildirilmişdir ki, bu xəstəliyin müalicəsi olmasa da, ondan qorunmağın yolları vardır. Gənclər bu sahədə hərtərəfli maarifləndirilməli, xəstəliyin mahiyyəti, virusun törətdiyi fəsadlar, hansı hallarda virusa yoluxa biləcəkləri barədə məlumat almalıdırlar.
Mayın 21-dən başlayaraq 2 ay ərzində keçiriləcək QİÇS-lə mübarizə kampaniyası çərçivəsində ölkəmizin bütün bölgələrində maarifləndirmə tədbirləri görüləcəkdir.
Sonda 400-ə yaxın gənc atlet 500 metr məsafəyə qaçış üzrə qüvvələrini sınamışlar.