Qida məhsullarının üzərindəki E kodu nə deməkdir
Bakı, 4 yanvar (AZƏRTAC). Qida əlavələrinin E hərfi ilə işarələnməsi bütün qida məhsulları paketlərində 1996-cı ildən peyda olmuşdur.
Paketlərin üzərində yazılan “E 124 Avropa İttifaqının standartlarına uyğun olan təhlükəsiz qida əlavəsidir ” sözləri əlavənin təhlükəsizliyə təminat vermir. Birinicisi, bu, o demək deyil ki, bu əlavəni istənilən ölçüdə istifadə edə bilərsiniz. İkincisi isə, Avropada icazə verilən şeylərə digər ölkələrdə icazə verilməyə də bilər.
Qida məhsulları paketlərinin üzərində qeyd edilən E kodlarının xüsusiyyətlərini bilmək faydalıdır:
E 100 - 199 - qırmızı və sarı boya maddələridir. Məsələn, tartrazin E 102, tez-tez qidaya qarşı allergiyalara səbəb olur. Bu boya maddəsi konfetlərdə, dondurmalarda, qənnadı məmulatlarında, içkilərdə istifadə olunur.
E 127-in zəhərli təsiri var, qalxanvarı vəz xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
E 200 - 299 - konservantlardır. Natrium nitrit və nitratlar - E 250 və E 251-dır. Bunların cürbəcür allergik və iltihabi reaksiyalara, baş ağrılarına, öd sancılarına, qıcıqlanma və yorğunluğa səbəb olmasına baxmayaraq hələ də geniş istifadə olunur. E 231 və E 232 kodu ilə təyin edilmiş maddələr dəri üçün zərərlidir. Bu əlavələr müxtəlif kolbasalar, saxlama müddəti çox olan ət məhsulları və konservləşdirilmiş məhsulların istehsalında istifadə olunur.
Boya maddələri və konservantlar immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur. Bağırsağın funksional pozulması isə onkoloji və ürək-damar patologiyalarına səbəb olur. Qaraciyərin funksiyaları və maddələr mübadiləsi pozulur. Alimlər daha sərt fikirlər bildirirlər. Onlar hesab edirlər ki, bu maddələr bədxassəli şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Daha əvvəl bu əlavələr ət və qənnadı məhsullarının istehsalında istifadə olunmuşdur.
E 300 - 399 - antioksidantlardır və bunlar piy emulsiyalarının oksidləşmə prosesini ləngidir. Belə halda piy acılaşmır və zaman keçdikcə rəngini dəyişmir. E 311 allergiyaya və astma tutmasına səbəb ola bilər. E 320 və E321 əlavələri də (bir sıra yağ məhsulları və saqqızların tərkibində olur) astmanı təhrik edə bilər. E 320 bədəndə su saxlayır və xolesterin miqdarını artırır.
E 400 - 499 - qatılaşdırıcı, stabilizator maddələridir. Demək olar ki, bunları həmişə yağlılığı az olan ərzaqlara - mayonez və yoqurtlara əlavə edirlər. Qatı struktur “keyfiyyətli məhsulun” illüziyasını yaradır. Həzm sistemi xəstəliklərini yarada bilər.
E 500 - 599 - emulqatorlar qarışdırıla bilməyən məhsullardan, məsələn su və yağdan, bircinsli qarışıq yaradır. Qaraciyərə mənfi təsir edir və mədə pozğunluğuna səbəb olur. Bu baxımdan E 510, E 513 və E 527 emulqatorları daha təhlükəlidirlər.
E 600 - 699 - dad gücləndiriciləridir. “Möcüzəli dad əlavəsi” heyvan və quş ətinə, balığa, göbələyə, dəniz məhsullarına qənaət etməyə imkan verir. Yeməyə təbii ərzağın xırdalanmış liflərindən bir az və ya onun cövhəri, sonra bolluca ətirli gücləndiricisi əlavə edilir və “əsl” dad alınır. Əlavə ilk məhsulun, məsələn, köhnə ya aşağı keyfiyyətli ətin bu keyfiyyətini gizlədir. Gücləndirici, demək olar ki, bütün balıq, toyuq, göbələk, soya yarımfabrikatlarında, eyni zamanda, cipsilərdə, suxarilərdə, souslarda, bulyon kubiklərində, quru şorbalarda vardır. Tez qidalanma restoranlardakı reseptlərin hamısı dad gücləndiricilər ilə hazırlanır. Bunlar da həzm sistemin xəstəliklərinə səbəb ola bilər.
Ən çox yayılmış dad gücləndiricisi natrium glutamatı E 621-dir. Bu əlavəni yeməklərdə tez-tez istifadə edən insanların 30 faizi baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.
Natrium glutamatı daha çox Şərq mətbəxində istifadə olunur. Buna görə mütəxəssislər yuxarıda sadalanan əlamətləri bir termində - “Çin restoran sindromu”nda birləşdirmişlər. Xalis halda bu maddənin nə dadı, nə də iyi var, lakin hər hansı bir xörəyin dadını gücləndirir. Natrium glutamatını tez-tez istifadə edən insana təbii yemək dadsız gəlir, ona görə ki, dad tanıma reseptorları həssaslığını itirir. Beləliklə, adam “ləzzətli əlavə”dən asılı olur.
E 900 - 999 - köpüyə qarşı, şirinləşdirici, un məhsullarında istifadə olunan tozlardır. Bu əlavələr köpüyün əmələ gəlməsini azaldır və ya qarşısını alır, parıltılı, hamar qişa yaradır, məhsulun dadının şirinliyini təmin edir və xəmiri daha böyük edir. Bunlar orqanizm üçün çox da böyük təhlükə yaratmır. Ən ciddi iradlar şirinləşdirici aspartam maddəsinədir. O, 6 mindən çox məhsulun tərkibində mövcuddur. Aspartamın davamlı istifadəsi tez-tez baş ağrılarına, qulaqda küylərə, allergiyaya və depressiyaya səbəb olur.
Digər şirinləşdirici-siklamat 1969-cu ildən ABŞ, Fransa, Böyük Britaniya və bir sıra ölkələrdə qadağan edilmişdir. Güman edilir ki, o, böyrək çatmamazlığına səbəb olur. Həmin şirinləşdiricilər geniş şəkildə sərinləşdirici içkilərin istehsalında istifadə olunur, iştahanı və susuzluq hissini artırır.
Bütün bunları bilmək sağlam qidalanmanı təmin etmək baxımından əhəmiyyətlidir.