Qlobal elektrik enerjisi tələbatında yarım əsrin ən böyük azalması baş verəcək
Bakı, 14 dekabr, AZƏRTAC
Cari ildə pandemiyanın təsiri ilə qlobal elektrik enerjisi tələbatında son 50 ilin ən böyük azalması müşahidə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, COVID-19-un yayılmasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlər bu ilin sonuna qədər iqtisadi artımda 4,4 faiz azalmaya səbəb olacaq. İqtisadi artımın ən vacib parametrlərindən biri olan elektrik enerjisi tələbatı da COVID-19 səbəbindən azalacaq. Belə ki, qlobal elektrik enerjisi tələbatı cari ildə keçən ilə nisbətən 2 faiz azalacaq və son 50 ilin ən böyük şokunu yaşayacaq.
Epidemiyanın iqtisadiyyata və elektrik enerjisinə olan tələbata təsiri 2009-cu ildəki maliyyə böhranının təsirlərindən daha dərin olacaq. 2009-cu ildəki maliyyə böhranından sonra qlobal iqtisadiyyat 0,1 faiz, elektrik enerjisi tələbatı isə 0,6 faiz azalmışdı.
Elektrik enerjisi tələbatında ən böyük azalma 4 faizlə Avropada müşahidə olunacaq. İtaliya, Britaniya, Fransa və Almaniyadakı karantin tədbirləri qitədə elektrik enerjisinin azalmasında aktiv rol oynayacaq.
Qlobal elektrik enerjisi tələbatının 48 faizini təşkil edən Asiya-Sakit okean bölgəsinin elektrik enerjisinə olan tələbat Çinin elektrik enerjisi tələbatındakı 2 faizlik artım səbəbindən sabit qalacaq. Qlobal elektrik enerjisi istehlakının 28 faizi formalaşdıran Çin bu il elektrik enerjisi tələbatı artan yeganə ölkə olacaq. Bu dövrdə ABŞ-ın elektrik enerjisinə olan tələbatının 3,6 faiz, Rusiyanın isə 3 faiz azalacağı gözlənilir.
Dünya əhalisinin altıdabirini təşkil edən Afrikanın elektrik enerjisi tələbatının cari ildə ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, Yaxın Şərqin elektrik enerjisi tələbatında ciddi fərq olmayacaq.