“Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans başa çatıb
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı ikigünlük beynəlxalq videokonfrans işini qapalı şəkildə davam etdirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konfransın ikinci günündə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış ediblər.
Çıxışlarda Rusiya-Azərbaycan münasibətləri, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlama prosesi, enerji, nəqliyyat humanitar layihələr müzakirə olunub. Konfransın işində, həmçinin Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşları Nikolay Silayev, Sergey Markedonov, Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Stanislav Pritçin, Milli Məclisin deputatı Nizami Səfərov, politoloq Tofiq Abbasov və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina iştirak ediblər.
Konfransın sonunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondu Şurasının sədri Andrey Bıstritski çıxış edərək iki beyin mərkəzinin təşkilatçılığı ilə təşkil edilmiş konfransın uğurla başa çatdığını və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəklərinə dair fikirlərini ifadə ediblər.