QMİ sədri Buxarada beynəlxalq tədbirdə Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb
Bakı, 27 noyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşündə iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Maturidinin elmi irsi və müasir dövr” mövzusunda üləmalar forumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə QMİ nümayəndə heyəti, həmçinin “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak məqsədilə Buxara şəhərinə səfər edib. İlk növbədə, konfransda təmsil olunan nümayəndə heyətləri müqəddəs dinimizin mənəvi irsinin inkişafında müstəsna rol oynamış orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib. Burada “Qurani-Kərim”dən ayələr tilavət edilmiş, birgə namaz qılınmış, Türk dünyasının, bütün İslam aləminin tərəqqisi və əmin-amanlığı üçün dualar olunub. Bu məşhur təhsil ocağının məzunu olan şeyxülislam A.Paşazadə xüsusi ehtiram və rəğbətlə qarşılanıb. Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd edib. Qonaqlara şeyxülislamın təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilib.
Sonra nümayəndə heyətləri - Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə məruzə ilə çıxış edən QMİ sədri qədim elm, mədəniyyət, din mərkəzi Buxaranın hər bir müsəlmanın qəlbində özəl yerinin olduğunu, bu ulu diyarın ateizm dövründə müqəddəs dinimizin dəyərlərini qoruyub saxladığını xüsusi olaraq vurğulayıb. Azərbaycan-Özbəkistan əlaqələrinə toxunan şeyxülislam A.Paşazadə deyib: “Azərbaycan və Özbəkistan arasında dərin tarixə malik mədəni, mənəvi əlaqələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, hərtərəfli əməkdaşlığın inkişafına dəstək olduğu kimi, ortaq milli-mənəvi dəyərlərimizin zənginləşməsinə də öz töhfələrini verməkdədir”. O, həmçinin qeyd edib ki, qədim İpək Yolunun üzərində yerləşən qardaş ölkələrimizin mədəni-mənəvi özülləri möhkəm təməllər üzərində təşəkkül tapıb: “Görkəmli elm, irfan sahibləri, İmam Əl-Buxari, Şeyx Əl-Maturudi, Şeyx Nəqşibəndi kimi, Azərbaycanı dünya çapında tanıdan dahi ustadlar - Şeyx Nizami, Füzuli, Nəsimi, Xaqani kimi söz ustadları, Əcəmi Naxçıvani kimi memarlıq dahisi müsəlman Şərqinin, Türk dünyasının ümumi sərvətidir”.
Tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür məktubu ünvanlayıblar.
Buxara səfəri çərçivəsində QMİ sədri Türkiyə Diyanət işləri başqanı Prof. Dr. Ali Erbaş, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, habelə Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftiləri, həmçinin İordaniya, Qətər və Rusiyanın müsəlman elmi-dini xadimləri ilə görüşlər keçirib.