Qondarma siyasi məhbus məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq
Qondarma siyasi məhbus məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq.
Bu fikir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanovdan AZƏRTAC-a daxil olmuş məlumatda qeyd edilib. O bildirib ki, Madriddə AŞPA-nın hüquq məsələləri komitəsinin toplantısında Lüksemburqdan olan deputat İv Kruxtenin Avropada QHT-lərin fəaliyyətinə dair hazırladığı yenilənmiş giriş memorandumu ilə əlaqədar dinləmə zamanı Azərbaycanla bağlı heç bir fakta əsaslanmayan bəzi qərəzli fikirlər səsləndirilib.
İspaniya Xalq Partiyasından olan deputat, məruzəçi Pedro Aqramunt isə hazırladığı sənədə Azərbaycana qarşı irəli sürülən iddiaların birtərəfli olduğunu qeyd edib. O, siyasi məhbus məsələsində yalnız QHT-lərin birtərəfli mövqeyini deyil, Azərbaycanın rəsmi mövqeyini də nəzərə almağı vacib hesab edib.
Məruzəçi P.Aqramunt bildirib ki, Azərbaycanla bağlı iddia edilən siyasi məhbusların əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib. Aydındır ki, vergidən yayınma məsələsi bir sıra qeydiyyatsız QHT-lərin xaricdən böyük məbləğdə maliyyə yardımı alması və bunu elan etməməsi, eləcə də maliyyənin maaş üçün ayrılan hissəsini elan etməməsi ilə birbaşa əlaqədardır. Bu QHT-lərin bəzisi heç vaxt qeydiyyat üçün müraciət etməyib, lakin hesablarına böyük məbləğdə pullar daxil olub. Hamımız bilirik ki, siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını və ya fəalları dəstəkləmək üçün xaricdən pul vəsaitinin köçürülməsində tam şəffaflıq bir çox üzv dövlətlərdə ümumi qəbul olunmuş müsbət təcrübədir. Nə üçün Azərbaycan kimi kiçik ölkənin fəalları digər gənc demokratik ölkələrdə fəallara verilən qrantlarla müqayisədə böyük məbləğdə xarici qrantlar alırlar? Bu məsələlər mütləq araşdırılmalıdır.
E.Süleymanov toplantıda çıxış edərək bildirib ki, Azərbaycan qanunvericiliyində yerli QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf olması və buna görə də rəsmi şəkildə elan edilməsi tələb olunur. Bu qayda AŞPA-nın bütün üzv dövlətlərinə şamil edilir. Buna baxmayaraq, Azərbaycanda bir çox hallarda xarici qrantlar heç də öz benefisiarları tərəfindən elan edilmir. Benefisiarlar açıq-aşkar şəxsi mənfəət kimi istifadə etdikləri vəsaitin gəlir vergisini ödəmək istəmirlər. Bu isə cinayət məsuliyyətidir. Lakin onlar arxayındırlar ki, buna görə nə zamansa ittiham olunsalar beynəlxalq QHT-lər tərəfindən açıq şəkildə dəstəklənəcəklər.
“Qondarma siyasi məhbus məsələsini sifarişlə ortaya atanların məqsədi Azərbaycanın imicini zədələmək və beynəlxalq birliyin diqqətini Azərbaycan torpaqlarının bir hissəsinin digər üzv dövlət tərəfindən işğal altında olması faktından yayındırmaqdır”, deyə E.Süleymanov bildirib.