Qrız kəndində dağçılıq və idman dırmanması üzrə turnirə yekun vurulub
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Alpinizm Federasiyasının (AAF) təşkilatçılığı ilə Quba rayonunun Qrız kəndində “Dağçılıq və Təbiət Turniri - Qrız 2026” turniri keçirilib.
AAF-dan AZƏRTAC-a bildirilib ki, turnirin ilk günü təbii qayalar üzərində boulderinq yarışı təşkil olunub. Yarış 10-13, 13-16 və 16-dan yuxarı olmaqla, üç yaş kateqoriyası üzrə baş tutub. İdmançılar müxtəlif çətinlik dərəcəsinə malik marşrutlarda güc, texnika və çevikliklərini nümayiş etdiriblər. Eyni zamanda, iştirakçılar üçün dağlarda təhlükəsizlik qaydaları, dağçılıq avadanlıqlarından düzgün istifadə, sığortalanma üsulları və fövqəladə hallarda davranış qaydalarına dair nəzəri və praktiki təlimlər, eləcə də master-klaslar keçirilib.
Turnirin ikinci günü iştirakçılar Qrız kəndindən Qur-Qur şəlaləsi istiqamətində dağ yürüşü həyata keçiriblər. Yürüş zamanı onlar dağ şəraitində təhlükəsiz hərəkət, marşrutun düzgün seçilməsi və keçilməsi, eləcə də komanda işi üzrə əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq ediblər. Yürüşdən sonra idman dırmanmasının çətinlik növü üzrə yarış keçirilib.
Ümumilikdə yarışlar boulderinq üzrə 9 marşrut, çətinlik növü üzrə isə 5 marşrut əsasında təşkil olunub.
Turnirin yekununda qaliblər diplomlarla təltif olunublar.