Qubada 68 min hektara yaxın əkin sahəsində suvarma aparılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Böyük meyvəçilik rayonlarından biri olan Qubada suvarma mövsümü davam edir. Cari ildə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən 96 milyon kubmetr həcmində su götürülməklə 67 min 999 hektar sahədə suvarılma aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O qeyd edib ki, ölkəmizdə havaların yağıntılı keçməsi səbəbindən suvarma suyunun fermerlərə çatdırılmasında çətinlik yaşanmayıb. Bununla belə, idarə əməkdaşları tərəfindən təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir. Torpaq kanallar lil və kol-kosdan təmizlənir, eləcə də hidrotexniki qurğular cari təmir edilir.
Onun sözlərinə görə, həm cari, həm də növbəti mövsümdə hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri İdarəsi tərəfindən sahilbərkitmə işləri də aparılır. Bu da öz növbəsində suvarma suyundan səmərəli şəkildə istifadə etməyə imkan verir. Həmçinin Qusarçayın Quba rayonu Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işlərinə də başlanılıb.
D.Şərifov əlavə edib ki, həm suvarma suyunun bol olması, həm də görülən tədbirlər nəticəsində sahələrin vaxtında suvarılması fermerlərin də ürəyincədir. Onlar bildirir ki, məhz bu səbəbdən ötən illərlə müqayisədə məhsuldarlıq yüksəkdir.
Qeyd edək ki, Quba rayonunda 26 min 33 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, eləcə də 58 ədəd subartezian quyusundan qaldırılan su hesabına ödənilir. Suvarma suyunun su mənbələrindən götürülərək təsərrüfatlara çatdırılmasında 362.2 km açıq və 192.9 km qapalı boru olmaqla 555.1 km uzunluğunda suvarma şəbəkəsindən istifadə olunur.