Qubada səyahət etmək üçün beş əsas turizm marşrutu
Quba, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba turistlərin istirahət üçün ən çox səfər etdiyi rayonlar arasındadır. Paytaxt Bakı ilə məsafənin yaxınlığı və geniş turizm imkanları bu bölgəni qonaqlar üçün daha cəlbedici edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubaya gələn turistlərin istirahət edə biləcəyi 5 əsas turizm marşrutu var. Bunlardan birincisi və ən populyarı Quba-Xınalıq turizm marşrutudur. Bu turizm marşrutunun ümumi uzunluğu 55 kilometrdir. Bu istiqamətdə səyahət edənlər Xınalıq kəndindəki dağ icmasının unikal mədəniyyəti, həyat tərzi ilə yaxından tanış ola bilərlər. Quba-Xınalıq turizm marşrutunun üzərində yerləşən Cümə məscidi, Günbəzli hamam (Çuxur hamam), Quba Tarix-Diyarşünaslıq Muzeyi, Tağlı körpü, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Qəçrəş meşəsi, Minarə (Küsnətqazma kəndi), Qrız körpüsü, Xınalıq Tarix-Etnoqrafiya Muzeyi, Xınalıq Atəşgahı (xüsusi icazə ilə) turistlər üçün diqqət çəkən yerlərdir.
Quba-Xanagah turizm marşrutunun ümumi uzunluğu isə 25 kilometrdir. Şahdağ Milli Parkının bir hissəsi Xanagah kəndinin ərazisinə düşür ki, bu da marşrutu unikallaşdırır. Şahdağ Milli Parkının Xanagah kəndi ərazisinə düşən hissəsi füsunkar meşə, isti su bulağı, Xanagah şəlalələri, Çahacuk kanyonu kimi təbiət abidələrini özündə əks etdirir. Ərazidə dincəlmək, gəzinti (hiking) və piknik üçün xüsusi imkanlar var. Məşhur Girdah şəlaləsi Xanagah kəndinə qonşu olan Girdah kəndində yerləşir. Bundan başqa, burada Söhüb qalası, Yeddilər dağı, Yeddilər qalası və Qaraçay kanyonu kimi tarixi və təbiət abidələri mövcuddur. Quba-Xanagah turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlərə A.Bakıxanovun ev-muzeyi, Cümə məscidi (Püstəqasım kəndi), Xanəgah qəbiristanlığı, Şahdağ Milli Parkı, Girdah şəlaləsi, Xanagah şəlalələri, Söhüb qalası, Yeddilər qalası, Qaraçay kanyonu və başqa görməli yerlər aiddir.
Turistlərin tez-tez səyahət etdiyi Quba-Qrız turizm marşrutunun ümumi uzunluğu 40 kilometrdir. Qafqaz Albaniyasının izlərini daşıyan Qrız kəndinin tarixi, mədəniyyəti və təbiət imkanları marşrutu unikal edir. Ekoturizmi təcrübə etmək üçün Qrız kəndi ən doğru seçimdir. Qrız şəlaləsinin xüsusilə qış ayında donmuş vəziyyəti diqqət çəkir.
Ümumi uzunluğu 35 kilometr olan Quba-Afurca turizm marşrutunun əsas özəlliyi Afurca şəlaləsi, Təngəaltı kəndinin unikal təbiətidir. Bu turizm marşrutunun üzərində yerləşən Birinci Nügədi kənd məscidi, Çənlibel gölü, Afurca şəlaləsi, Təngəaltı kanyonu (Təngə dərəsi kanyonu), Qaçaq Mayıl mağarası əsas diqqət çəkən yerlədir.
Quba-Qırmızı qəsəbə turizm marşrutu ilə səyahət zamanı Qırmızı qəsəbədə yaşayan dağ yəhudilərinin tarixi, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olmaq olar.