Qubada “Şuşa İli”nə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib











Quba, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubadakı Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan!” adlı tədbirdə bildirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş “Şuşa İli”nə həsr edilmiş məktəbli gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə şəhid ailələri, qazi və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və məktəbli gənclər iştirak ediblər.
Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxış edərək Azərbaycan musiqisinin beşiyi Şuşanın düşməndən azad olunması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bu işlər indi də davam etməkdədir.
Tədbirin bədii hissəsində məktəblilərin və rayon incəsənət nümayəndələrinin hazırladığı ədəbi-bədii kompozisiya, rayonun istedadlı və tanınmış müğənnilərinin konsert proqramı təqdim olunub.