Qubanın Qrız Dəhnə kəndində torpaq sürüşməsi 25 ev üçün təhlükə yaradıb VİDEO
Quba, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın Qrız Dəhnə kəndi ərazisində qeydə alınan torpaq sürüşməsində aktivlik müşahidə olunur.
Rayon İcra Hakimiyyəti başçısının Əlik inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Ağasıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır. Əlli hektar ərazini əhatə edən sürüşmə dağlıq ərazidə baş verib. Sürüşmə zonası ilə evlər arasında təxminən 400 metr məsafə var.
Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirdikdən sonra 25 evin təhlükəli ərazidə yerləşdiyi müəyyənləşib. Bu evlərdən ikisində yaşayış var. Sürüşmənin aktivliyi nəzərə alınaraq həmin evlərdə yaşayan ailələr köçürülüb.
Sürüşmə zonasına düşən ərazi kənd sakinlərinə məxsus pay torpaqlarıdır.
Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər nazirliyinin mütəxəssisləri müşahidə aparır. Kənddə polis və yerli icra strukturlarının əməkdaşları tərəfindən naryad və gecə növbətçiliyi təşkil olunub. Sakinlər təhlükəli əraziyə buraxılmır.