Qubanın Xınalıq kəndində qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb
Bakı, 14 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı keçib, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 (aylıq normanın 51 faizi), Qəbələ, Ağdərədə (Ordubad) 13, Kişçayda (Şəki) 11, Naxçıvan, Gədəbəy, Ordubadda 10, Sədərək, Qobustan, Zaqatala, Şahbuzda 9, Balakən, Qrızda 8, Daşkəsəndə 7, Oğuz, Şəki, Quba, Astara, Oğuz, Xaltanda 6, Bərdə, Göyçay, Hacıqabul, Altıağacda 5, Şərurda 4, Kürdəmir, Cəfərxan, Qusar, Göygöldə 3, Sabirabad, Salyan, Biləsuvar, Şabran, Gədəbəydə 2, Naftalan, Şəmkir, Xaçmaz, Tərtər, Zərdab, Lerikdə 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 (aylıq normanın 44 faizi), Bakıda 8 (aylıq normanın 34 faizi), Maştağada 5 (aylıq normanın 18 faizi), Pirallahı, Binədə 3 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 22, Sarıbaşda (Qax) 21, Ağdərədə (Ordubad) 20, Gədəbəydə 19, Qrızda 15, Xaltanda 12, Daşkəsən, Naxçıvanda 10, Altıağacda 8, Şahbuzda 7, Göygöldə 6, Qusarda 4, Quba, Qobustan, Kişçayda (Şəki) 3, Qəbələ, Kəlvəzdə (Lerik) 1 santimetr olub.
Bölgələrdə şimal-qərb küləyinin sürəti saniyədə 28, Bakıda və Abşeron yarımadasında 27, Abşeron Dəniz rayonunda 25 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.2 metrə çatıb.