CƏMİYYƏT
Qurban Yetirmişli: işğaldan azad olunmuş ərazilərdə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılacaq
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seminar keçirilib. Seminarda mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatların hazırkı vəziyyəti, elmi istiqamətlərin müəyyən edilməsi, yeni seysmik stansiyaların quraşdırılmasına dair məsələlər müzakirə olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, seysmik monitorinq şəbəkəsinin genişlənməsi mərkəz əməkdaşları qarşısında yeni vəzifələr qoyur. Hazırda ölkəyə gətirilən seysmik stansiyaların quraşdırılması prosesinin davam etdirildiyini qeyd edən baş direktor stansiyaların quraşdırılmasından sonra görüləcək işlər haqqında da danışıb.
Seminarda, həmçinin stansiyalardan alınan məlumatların emalında tətbiq olunan proqramlar və onların texniki imkanları haqqında da müzakirələr aparılıb.
Eləcə də Türkiyə DİN-in Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin Zəlzələ Departamenti (AFAD) ilə RSXM arasında əməkdaşlıq məsələlərinə toxunulub.
Qeyd edək ki, AFAD-ın Zəlzələ Departamenti ilə RSXM arasında birgə əməkdaşlıq sazişinə əsasən tərəflər arasında zəlzələlərə dair məlumatların qarşılıqlı mübadiləsi haqqında razılaşma var. Razılaşmaya əsasən, seysmik stansiyaların məlumatlarının emal olunmasında tətbiq olunan proqramların istifadəsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Seminarda RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov çıxış ediblər.
Məruzəçilər Türkiyədə tətbiq olunan emal proqramları və onların Azərbaycanda istifadəsinin mümkünlüyü, eləcə də seysmik monitorinq şəbəkəsinin genişlənməsi və yeni seysmik stansiyaların quraşdırılması haqqında danışıblar.
Baş direktor Q.Yetirmişli Qarabağda kompleks seysmik tədqiqatların aparılmasının da mərkəzin fəaliyyət planına daxil olduğunu bildirib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılacaq. “Şuşa İli” çərçivəsində Şuşa şəhəri yaxınlığında seysmik stansiyanın quraşdırılması da nəzərdə tutulur.
Bundan başqa, bu ilin may ayında Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. RSXM-nin baş direktoru bildirib ki, konfrans Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi və RSXM-nin təşkilatçılığı ilə keçiriləcək. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Müzakirələrdə, həmçinin təşkilatdaxili digər məsələlərə də toxunulub.