Qurtuluş Günü Azərbaycanın taleyinin dəyişdiyi böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür
Ağdam, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 30 illik zaman ayırır. Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam Rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbirdə səsləndirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə tər gül dəstələri düzülüb. Sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra istər daxili, istərsə də xarici siyasətdə mühüm yeniliklərin baş verməsindən, Ümummilli Liderin Azərbaycan dövlətçiliyini xilas etməsindən, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasından, Qurtuluş Gününün əhəmiyyətindən bəhs ediblər.