Qurumuş və ya qəzalı vəziyyətdə olan 85 ağacın götürülməsi müzakirə edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Qurumuş və ya qəzalı vəziyyətdə olan 85 ağacın götürülməsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
İcra hakimiyyəti, bələdiyyə və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin də iştirak etdiyi ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov, Qaradağ və Pirallahı rayonları üzrə ümumilikdə 85 ədəd qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlifcinsli ağacın götürülməsi müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov xatırladıb ki, Nazirlər Kabinetinin təsdiqlədiyi normalara görə, yeni salınacaq yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40, istismar müddəti bitən məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.
İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, insan sağlamlığına ağır xəsarət yetirilməsi, hətta ölümlə də nəticələnə bilər.
İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və QHT nümayəndələrinin təklifləri də dinlənilib.