Qusarda təşkil olunan sərgidə 200-ə yaxın əl işi nümayiş etdirilib VİDEO
Qusar, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Qusardakı Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə 200-ə yaxın müxtəlif dekorativ tətbiqi sənət və toxuculuq nümunələri nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgilənən əl işlərinin müəllifləri rayonda yaşayan fiziki məhdudiyyətli şəxslər, Qarabağ əlilləri və şəhid ailələrinin üzvləri olan qadınlardır.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın və cəmiyyət" mövzusunda təşkil olunan sərgi əlil şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Əlliyə yaxın müəllifin qatıldığı sərgidə əl işlərinin satışı da təşkil olunub. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Ağabalayeva, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək əlillərə dövlət qayğısından danışıb, sərginin əhəmiyyətini vurğulayıblar.
Sonda sərgi iştirakçılarına müxtəlif nominasiyalar üzrə diplom və qiymətli hədiyyələr təqdim olunub.