Qusarda voleybol yarışının qalibləri mükafatlandırılıb
Qusar, 27 may, Elxan Yusifli, AZƏRTAC
Qusarda Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunan məktəblilər arasında voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə oğlanlardan və qızlardan ibarət 8 komanda mübarizə aparıb. Ümumilikdə, turnirdə 120-yə yaxın məktəbli iştirak edib.
Yarışın açılış mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlılarının qürur mənbəyidir. Xalq Cümhuriyyətimizin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu deyən natiqlər vurğulayıblar ki, ilk dəfə məhz Azərbaycanda qadınlara səs vermək hüququ verilib. Dövlət müstəqilliyi ənənəsi 70 ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən yaşadılıb və ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin dünyada tanınması və iqtisadiyyatının güclənməsi üçün yorulmaz fəaliyyət göstərir.
Çıxışlardan sonra təqdim olunan konsert proqramının ardınca yarışlara start verilib.
Qalib komandalar Qusar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomla təltif edilib.