Radiasiya Problemləri İnstitutu Biləsuvar Təhsil Kompleksi ilə memorandum imzalayıb
Bakı, 16 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
Bu barədə AZƏRTAC-a RPİ-dən məlumat verilib. Bununla bağlı keçirilən görüşdə çıxış edən Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov nüfuzlu elm və təhsil ocaqları ilə bu cür qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb.
RPİ-nin baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev ikitərəfli əlaqələrin gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə RPİ-nin “İnnovativ tədqiqatlar” qrupunun rəhbəri Namiq Heydərov “Sabahın alimləri” respublika müsabiqəsində fizika, mühəndislik” və ekologiya istiqamətləri üzrə uğur qazanmış layihələr haqqında təqdimatla çıxış edib. Təqdimat şagirdlər tərəfindən maraqla qarşılanıb və onların sualları cavablandırılıb.
Sonda qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi son bir ildə ölkənin 6 nüfuzlu ali təhsil ocağı və institutu ilə əməkdaşlığa dair memorandum imzalayıb.