Ramella Məmmədova: Füzuli şəhərinin bərpasının təməl daşının qoyulması bizi qürurlandırdı
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarından biri - Füzuli rayonu Təhsil şöbəsinin müdiri Ramella Məmmədova bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Azərbaycanın güclü dövlətə çevrilməsi, müstəqil siyasət yürütməsi 44 gün davam edən Vətən müharibəsindən qalib çıxmasını şərtləndirən amillərdən oldu. Azərbaycan müharibəni Zəfərlə yekunlaşdırdı. Vətən müharibəsi dövründə 17 oktyabr Füzulinin işğaldan azad edildiyi gün kimi yadda qaldı. Bu gün biz füzulili, qarabağlı, azərbaycanlı kimi çox sevincliyik. 30 ildən artıq davam edən işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə doğma torpaqlarımız erməni işğalından azad edildi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzulinin işğaldan azad olunmasının ildönümü ilə bağlı səfərləri zamanı şəhərin bərpasının təməl daşı qoyuldu. Bu da bütün füzulililəri qürurlandırdı.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü mənim xatirələrimdə əbədi yaşayacaq. Təhsil işçisi, müəllim olaraq ölkə başçısına minnətdarlığım əbədidir, sonsuzdur. O, bizim dədə-baba yurdumuzu düşmən tapdağından azad etdi. Artıq Füzuli, Qarabağ bizim arzularımız deyil, bu günümüzdür, gələcəyimizdir. İşğaldan azad olunmuş rayon və şəhərlərimizin layihələri hazırlanır, bərpa-quruculuq işlərinə başlanılıb.
“Bu gün dövlət tərəfindən təhsilə xüsusi diqqət, qayğı göstərilir. Füzuli rayonunda, onun qəsəbələrində, kəndlərində tikiləcək məktəblər təhsilimizin daha parlaq gələcəyinə hesablanıb. Füzuli rayonu Vətən müharibəsində şəhidlər verib. Şəhidlərimizin ailələri həmişə diqqət mərkəzindədir. Məktəblərimizdə mütəmadi olaraq şəhidlərimizin anım günləri təşkil olunur. Çalışırıq ki, şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə edək.
Füzuli rayonu ərazisindən Zəfər yolu keçir. Zəfər yolu işğaldan azad olunmuş bütün rayonlarımızı, şəhərlərimizi birləşdirir. Füzuli Beynəlxalq Hava Limanı açılıb. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır, Azərbaycanın daha bir regionundan dünyaya çıxış deməkdir”, - deyə Ramella Məmmədova qeyd edib.