Raqif Abbasov: Mehriban Əliyevanın Türkiyəyə yardımla bağlı verdiyi tapşırıqlar qardaşlığımızın əyani sübutudur
Bakı, 11 fevral, Ayla Aktar, AZƏRTAC
Türkiyədə əsrin fəlakətli zəlzələsinin baş verməsi Azərbaycanda, dünyada böyük sarsıntıya səbəb oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Türkiyədə zəlzələdə zərər çəkənlərə humanitar yardımla bağlı verdiyi tapşırıqlar, Fondun və “Paşa Holding” tərəfindən göstərilən yardımlar bu gün cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bütün dünya Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını gördü.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
“Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi yardımın aparılması qardaş Türkiyəmizdə zəlzələdən sonra əziyyət çəkən, soyuq hava şəraitində sağ qalmış vətəndaşlar üçün çox önəmlidir. Xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin, sıravi Azərbaycan vətəndaşlarının, media mənsublarımızın fədakarlığı “Bir millət, iki dövlət” şüarının, qardaşlığın növbəti nümunəsidir. Eyni zamanda bu gün biz ölkəmizdə xalqımızın 44 günlük müharibədə olduğu kimi bu zəlzələdən sonra da milli birliyini hiss edirik, həmrəyliyimizi nümayiş etdiririk. Bu bizim insanpərvərliyimizin, böyük xalq olduğumuzun əyani sübutudur.
Dostluq münasibətlərinin, qardaşlıq sevgisinin, sarsılmazlığın, möhkəmliyin və əbədiliyin əyani sübutu olaraq Azərbaycan xalqı bundan sonra da daim Türkiyənin yanında olacaq. Türkiyədə baş verən bu dəhşətli zəlzələdə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanlara şəfa diləyirik”, - deyə idarə rəisi bildirib.