Region Liqası: “Şahdağ” və “Uğur” komandaları liderliyi bölüşür
Qusar, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Region Liqasında II turun oyunları çərçivəsində Qusarın “Şahdağ” futbol klubu ardıcıl ikinci qələbəsini qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qusarlılar Şabranı təmsil edən “Səhliyalı” komandasına böyük hesabla (5:0) qalib gəlib. Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən matçın ilk hissəsində qapılara bir qol vurulub. Hesab matçın 10-cu dəqiqəsində açılıb. İkinci hissədə qusarlılar rəqibin qapısından daha dörd top keçiriblər.
Şimal zonasında digər qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb. Sumqayıtın “Uğur” komandası Quba rayonunu təmsil edən “Şahdağ” kollektivi ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
İki turdan sonra Region Liqasının Bakı-Şimal zonası üzrə B qrupunda “Şahdağ”(Qusar) və “Uğur”(Sumqayıt) komandaları 6 xalla liderlik edirlər.