Regional inkişafda mühüm rola malik Türkiyə-Azərbaycan iqtisadi əlaqələri

Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Münasibətlər qardaşlıq və dostluq prinsiplərinə əsaslanmaqla yanaşı, beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Qarşılıqlı dəstəyə əsaslanan əlaqələr isə regional inkişafda mühüm rola malikdir. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası mövcuddur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında müxtəlif sahələrdə 260-dan çox sənəd imzalanıb. Bunların arasında xüsusilə investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın qarşısının alınması haqqında və Preferensial Ticarət Sazini qeyd etmək olar. Rəqəmlərə baxılarsa, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin hər il daha da artdığını müşahidə etmək çətin deyil.
Ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 5.8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 25,32 faiz çox olub. Cari ilin yanvar-aprel aylarında isə ticarət dövriyyəsinin həcmi 2.6 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31,5 faiz artım deməkdir.
Hökumətlər arasında Preferensial Ticarət Sazişinə gəlincə, 2020-ci ildən indiyə qədər güzəşt tətbiq ediləcək 15 mal mövqeyi və bu mallar üzrə illik tarif kvotaları razılaşdırılıb. Ötən dövrdə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi üzrə qarşı tərəflə müzakirələr aparılıb və güzəştli məhsul siyahıları ilə bağlı sənədə dəyişiklik haqqında bu ilin aprelində Protokol imzalanıb. Həmçinin hazırda Azərbaycanda 5371 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyatdadır ki, onlardan 3788-nin fəaliyyəti aktivdir.
Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə birinci yerdədir. Həmçinin Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə birinci yerdə qərarlaşıb. Türkiyədən Azərbaycana isə 14,5 milyard ABŞ dolları sərmayə qoyulub. Mütəxəssislər hesab edirlər ki, son seçkidən sonra Türkiyənin Azərbaycanla iqtisadi əlaqələri daha da möhkəmlənəcək.
Yeni kabinetin formalaşmasını nəzərə alsaq, ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması əsas hədəflərdəndir və tərəflər bu hədəfə nail ola biləcəklər.
İşğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərində iştirakla bağlı Türkiyə şirkətləri tərəfindən 111 müraciət daxil olub.