Rektor Cəfər Cəfərov tələbə adını qazanan Həsənlə görüşüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ADPU-nun tələbəsi adını qazanan Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Həsənovla görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Cəfər Cəfərov Həsəni təbrik edərək, ona təhsil həyatında uğurlar arzulayıb, universitetin kollektivi və rəhbərliyinin hər bir tələbəyə olduğu kimi, ona da daim dəstək göstərəcəyini qeyd edib. C.Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan uğurlu sosial siyasət nəticəsində xüsusi qayğıya ehtiyacı olan hər bir uşaq və gənc dövlətin qayğısı ilə əhatə olunub.
Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova dövlətin xüsusi qayğısı nəticəsində Həsən kimi gənclərin öz potensiallarını reallaşdırdıqlarını qeyd edib.
Öz təəssüratlarını bölüşən Həsən peşəkar mütəxəssis kimi yetişmək üçün əzmlə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Mikayıl oğlu Həsənov 420 balla ADPU-ya qəbul olunub.