Rəngkarlıq ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanında hansı meyarlara diqqət yetirməlidirlər
Bakı, 23 iyun, AZƏRTAC
Rəngkarlıq ixtisasını seçən abituriyentlər rəsm və rəngkarlıq fənləri üzrə qabiliyyət imtahanı verirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fənlər üzrə hər bir imtahana 8 akademik saat ayrılır.
Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir. Hər bir fənn (rəsm, rəngkarlıq) üzrə imtahanda abituriyentin aldığı ballar cəmlənir. Bu cəm 2-yə bölünərək orta bal hesablanır. Orta bal tam ədədə qədər yuvarlaqlaşdırılır və yekun qiymət çıxarılır.
Rəsm imtahanında hər bir meyar maksimum 2 balla qiymətləndirilir. Həmin meyarlara fiqurun kağız üzərində yerləşdirilməsi, fiqurun konstruktiv, plastik və anatomik həlli, işıq-kölgə vasitəsilə fiqurun həlli, tonların bir-birinə olan münasibətləri və naturanın fəzada tapılması daxildir.
Rəngkarlıq imtahanı üzrə hər bir meyar maksimum 2 balla qiymətləndirilir. Həmin meyarları portretin kətan üzərində yerləşdirilməsi, portretin konstruktiv həlli, işıq-kölgə vasitəsilə portretin həlli, rəng münasibətlərinin uyğunluğu (kolorit) və naturanın obrazının açılması aiddir.