İQTİSADİYYAT
Rəqabət Məcəlləsinin layihəsi parlamentdə ikinci oxunuşdan keçib
![Rəqabət Məcəlləsinin layihəsi parlamentdə ikinci oxunuşdan keçib](/files/2023/3/1200x630/16977902675156864383_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə əsasən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib.
AZƏRTAC xəbər verir ki, sənəd parlamentin oktyabrın 20-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Qeyd edək ki, 12 fəsil, 84 maddədən ibarət olan sənəd doqquz əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Sənəddə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb.
Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları ilə müddəaların yer aldığı qanun layihəsi rəqabət mühitinin tənzimlənməsi, inhisarçılıqla mübarizə məqsədilə hazırlanıb.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar ləğv edilir və bazar iqtisadiyyatında rəqabətlə bağlı digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilir.
Xatırladaq ki, qanun layihəsi əvvəllər Milli Məclisin plenar iclasında müzakirə edilsə də, üçüncü oxunuşdan keçməyib.
Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.
Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.