İQTİSADİYYAT
Rəqəmsal iqtisadiyyat və 4SİM texnologiyalarının tətbiqinin təşviqi ilə bağlı növbəti tədbir keçirilib
Bakı, 26 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Koreya Respublikasının Milli İnformasiya Cəmiyyəti Agentliyinin (NIA) birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan İKT seminarı” onlayn tədbiri keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın əsas mövzusu Koreyanın rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə bağlı ən yaxşı nümunələrini bölüşmək, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək idi.
İki gün davam edən seminarda Koreyanın rəqəmsal iqtisadiyyat strategiyaları, rəqəmsal ticarət, məlumat (data) axını, “Ağıllı şəhər” siyasəti, Dördüncü Sənaye İnqilabı, “Ağıllı zavod”, rəqəmsal səhiyyə platforması ilə bağlı təqdimatlar keçirilib. Seminarda, həmçinin “Rəqəmsal iqtisadiyyatda əməkdaşlığın gələcəyini formalaşdırmaq” və “Dördüncü Sənaye İnqilabının təşəbbüsləri və siyasəti” adlı panel sessiyalar təşkil edilib, iştirakçıların sualları cavablandırılib.
Seminarda dövlət qurumları ilə yanaşı, özəl sektor və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.