İQTİSADİYYAT
Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri Samir Məmmədov və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribey həmsədrlik ediblər.
İşçi qrupunun iclasında rəqəmsal transformasiyanın əsas komponentləri olan böyük məlumatların emalı, süni intellekt, “Hökumət buludu” və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının hazırlanmasında Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
İclas zamanı fərdi məlumatların mühafizəsi sahəsində iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması, sonrakı mərhələdə isə məlumatların transsərhəd ötürülməsinin təmin edilməsi üçün “etibarlı ölkə” statusunun əldə edilməsi haqqında saziş layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İşçi qrupunun yaradılması barədə razılıq cari il fevralın 18-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında Ankarada keçirilmiş görüş zamanı əldə olunub.