Rəqiblərinə xal vermədən Avropa çempionu olan güləşçi: Qələbəmi şəhidlərimizə həsr edirəm
Bakı, 13 iyul, AZƏRTAC
Avropa çempionatında əsas məqsədim çəkdiyim əziyyətlərin bəhrəsini görmək və bayrağımızı ucaltmaq idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov deyib.
70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qələbənin komanda yoldaşları və məşqçilər heyətinin böyük əməyi hesabına qazanıldığını bildirib: “Bu mötəbər yarışa komanda şəklində çox ciddi və uzun müddət hazırlaşmışdıq. Şükürlər olsun ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı və gözlədiyimiz nəticəni əldə etdik. Komandamız ümumilikdə 8 medal qazandı, cəmi 2 idmançımız fərdi səhvlər ucbatından mükafatçılar sırasına düşə bilmədi. Şəxsi çıxışıma gəldikdə, təxminən 3-4 il əvvəl də Avropa çempionu olmuşdum, bu dəfə isə ikinci dəfə qızıl medala sahib çıxdım. Hədəflərim çox böyükdür. Qazandığım qələbəni Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”.
Rəqiblərinə xal vermədən Avropa çempionu olan Hacı Kərimov bildirib ki, uğurun əsas səbəbi məşqçinin tapşırıqlarına düzgün əməl etməsi olub: “Əsas tapşırıq o idi ki, xal fərqindən asılı olmayaraq, dayanmadan yalnız öz güləşimi nümayiş etdirim. Mən də bu taktikanı tam yerinə yetirdim və şükürlər olsun ki, rəqiblərimə xal vermədən qalib gəldim. Qarşılaşdığım idmançılar kifayət qədər tanınmış və güclü rəqiblər idi. Fransa, Rusiya və digər güclü güləş məktəblərinin nümayəndələri ilə qarşılaşdım”.
Yarış ərzində ciddi çətinliklə üzləşmədiyini deyən güləşçi yalnız bir görüşdə daha ehtiyatlı davrandığını qeyd edib: “Açığı, turnirdə mənim üçün böyük çətinlik yaradan elə bir görüş olmadı. Yalnız Rusiya təmsilçisi ilə qarşılaşmada bir az daha ehtiyatlı güləşirdim. Çünki rusların bu idman növündə hegemonluğu var və onlara qarşı hər an diqqətli olmaq lazım gəlir. Həmin görüşü də uğurla başa vurdum və komandamızın aktivinə növbəti qızıl medalı yazdırdım”.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Yığma bu nəticə ilə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət milli komanda medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.