Rəşad Sadıqov: İlk matçda sərfəli nəticə qazanıb, səfərə üstün yollanmaq istəyirik
Bakı, 7 iyul, AZƏRTAC
Rəqib güclüdür, amma məqsədimiz yaxşı nəticə qazanmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandası ilə qarşılaşacaq "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında deyib.
Mütəxəssis komandasını çətin görüşün gözlədiyini bildirib: “Oyuna hazırlığımızı demək olar ki, başa çatdırmışıq. Məqsədimiz ilk matçda sərfəli nəticə əldə edərək səfərə üstün yollanmaqdır. Rəqibimiz avrokuboklarda mütəmadi çıxış edən, təcrübəli komandadır. Hazırlıq üçün vaxtımız az olsa da, heyətimizdə bu cür oyunların atmosferinə bələd futbolçular kifayət qədərdir".
Baş məşqçi zədələrin komandaya təsirsiz ötüşmədiyini qeyd edib: "Zədələr futbolun bir hissəsidir. Təəssüf ki, bizdə bu hallar tez-tez baş verir. Yeni qapıçımız Maykon Kleytonun sıradan çıxması bizi narahat edir. Bununla belə, Aydın Bayramovun təcrübəsinə inanırıq və onun qapıda etibarlı çıxış edəcəyinə ümid edirik".
Rəşad Sadıqov rəqibi yaxından təhlil etdiklərini bildirib: "Torpedo"nun bir neçə oyununu izləmişik, güclü və zəif tərəflərini analiz etmişik. Avrokubok oyunlarına hazırlıq həmişə fərqli olur və futbolçular da bunun məsuliyyətini dərk edirlər".
Çalışdırıcı yay fasiləsində aparılan seleksiya işlərinə də toxunub. O bildirib ki, mövsüm başa çatan kimi bir sıra futbolçularla yollar ayrılıb, lakin avrokuboklara hazırlıq üçün vaxtın az olması transfer prosesini çətinləşdirib: "Rəhbərliklə birlikdə planlarımızı dəyişmədik və heyəti gücləndirmək istiqamətində işləri davam etdirdik. Tələsik qərarlar vermək istəmədik. Hazırda da bir neçə transfer üzrə danışıqlar davam edir".
O, bəzi futbolçuların hazırlığa artıq çəki ilə qoşulduğunu da bildirib: “Komandanın avrokuboklara vəsiqə qazanacağı əvvəlcədən dəqiq bilinmədiyindən bu amil bizə müəyyən çətinliklər yaratdı”.
Qeyd edək ki, iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Torpedo" oyunu saat 20:00-da başlayacaq. Cavab oyunu iyulun 16-da Gürcüstanda baş tutacaq.