Rəşad Sadıqov: Oyunda nə lazımdırsa, onu da etməyə çalışdıq
Bakı, 16 aprel, Nicat Məmmədov, AZƏRTAC
Oyunda nə lazımdırsa, onu da etməyə çalışdıq. Fasilədən sonra fərqi artırmaq istəyirdik, qol imkanlarımız da var idi. Son dəqiqələrdə səhvə yol verdik. Düşünürəm ki, yaxşı oyunlarımızdan birini keçirdik.
AZƏRTAC xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “Səbail” komandası ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Qırx yaşlı mütəxəssis güclü komandaya qarşı oynadıqlarını bildirib: "İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. “Səbail” hesab böyük olanda da mübarizə apara bilən komandadır.
Sadıqov oyunçuların böyük stres altında olduğunu söyləyib: "Bu, bütün komandalarda hiss olunur. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Bəzən verdiyimiz qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq".
Baş məşqçi Davit Volkovun fərqlənə bilməməsinə də toxunub: "Bu gün rotasiyalar etmişdik. Çempionatboyu buna gedirik. Volkov aparıcı futbolçularımızdandır. Təbii ki, həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidir. Əsas odur ki, oyun planında problem olmasın. Son oyunlarda komanda yaxşı çıxış edib. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi.
Baş məşqçi Təmkin Xəlilzadəyə istirahət verməsinin səbəbini açıqlayıb: "4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam.
Sadıqov hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb: "Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik".
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev isə mətbuat konfransında oyunun çox maraqlı keçdiyini bildirib. Son dəqiqələr həyacanlı alındı. İki yaxşı qol epizodumuz oldu. Onlar qol olsaydı, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qolumuz çox gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı".
Futbolçularından razı qaldığını söyləyən baş məşqçi deyib: "Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmır. Rəqiblə oyunda bu fərq bilinirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. Çempionatın sonuna 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram".
Baş məşqçi Rahid Əmirquliyevin son vaxtlar az oynamasına da münasibət bildirib: "Bir az dəyişikliklər etmək istəyirik. Son oyunda qələbə qazanmışdıq, heyətdə böyük dəyişiklik etmək istəmədik. Rahid kapitanımızdır, meydanda olmasa da, dəstəyini göstərir. Gənclərə də şans vermək lazımdır".
Qeyd edək ki, “Zirə” “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.