RƏŞİD BEHBUDOVUN YUBİLEYİ KEÇİRİLƏCƏKDİR
Bu ilin dekabr ayında gerçəkləşməsi nəzərdə tutulan yubiley günlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dövlət musiqi mədəniyyəti muzeyi böyük sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi nümayiş etdirəcəkdir. Sərgidə Rəşid Behbudovun dünyanın müxtəlif ölkələrində çıxışlarını, incəsənət adamları ilə görüşlərini əks etdirən fotolar yer alacaqdır.
Bundan əlavə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, Muğam Teatrında və digər sənət məbədlərində də tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley günlərində böyük müğənninin adını daşıyan və özünün yaratdığı Mahnı Teatrında geniş konsert proqramı gerçəkləşəcəkdir. Yubileyə Heydər Əliyev adına Sarayda keçiriləcək təntənəli tədbirlə yekun vurulacaqdır.