Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunur
İmişli, 21 fevral, AZƏRTAC
Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qurumları gücləndirilmiş iş rejimində çalışır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonunda da yollarda buzlaşma qeydə alınır. Respublika əhəmiyyətli avtomobil yolları olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə, Bəhrəmtəpə-Biləsuvar, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarının İmişli rayonundan keçən hissələrində, İmişliyə giriş avtomobil yolunda, eyni zamanda, şəhər mərkəzi ilə kəndləri birləşdirən yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanılır.
Buzlaşmanın qarşısının alınması məqsədilə yollar texnikalar vasitəsilə təmizlənir, fasiləsiz gediş-gəlişin təmin olunması üçün lazımi tədbirlər görülür. Həmçinin körpü və keçidlərdə, sərt döngələrdə sürüşmələrin qarşısının alınması məqsədilə qum-duz qarışığı səpilir.