Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının növbəti iclası keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra elmi məruzələr təqdim edilib. Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Oqtay Babazadə “Seysmik geodinamika və zəlzələlərin ocaq zonalarının proqnozu” məruzəsi ilə çıxış edib. Daha sonra Bakı şəhərində Teleqüllənin yaxınlığında, Bayıl yamacında baş verən sürüşmə sahəsində aparılan geofiziki-seysmoloji tədqiqat işlərinin hesabatı təqdim edilib.
İclasda geologiya-mineralogiya üzrə elmlər doktoru Ramidə Kərəmova ötən il ərzində “Kompleks geokimya tədqiqatları” şöbəsində aparılmış elmi, elmi-istehsalat işlərinin hesabatını məruzə edib. Bununla yanaşı, AMEA Geologiya və Geofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilmiş mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri Səbinə Kazımovanın “Cənub-şərqi Qafqazın mezozoy və kaynozoy struktur komplekslərinin seysmik tomoqrafiya məlumatları əsasında uyğunsuzluq münasibətləri” dissertasiya mövzusunun iş planı təsdiq edilib. Ukrayna Elm və Texnologiya Mərkəzinin ABŞ Enerji Departamentinin maliyyələşdirdiyi “P691 Böyük Qafqazda Seysmik Kəsiliş” layihəsi üzrə yerinə yetirilmiş işlər və gələcək planlar haqqında isə beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov məlumat verib.