Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Türkiyədə treninq və təlimlərdə olublar
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti arasında imzalanmış Razılaşma Protokoluna əsasən dekabrın 20-dən 26-dək RSXM-in makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, mərkəzin əməkdaşları Lalə Piriyeva və Gülnar Hüseynzadə Türkiyə Respublikasında səfərdə olublar.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində RSXM-in əməkdaşları AFAD-ın prezidenti Yunus Sezerlə görüşüblər. Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Mərkəz əməkdaşları AFAD-ın Zəlzələ Departamentində seysmoloji emal sistemi və AFAD xəbərdarlıq sistemi ilə tanış olublar.
AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murad Nurlu, Zəlzələ Müşahidə Sisteminin rəhbəri Vedat Özsaraç, departamentin əməkdaşları - Kudret Tekin, Meltem Türkoğlu, Fatih Alver və digər mütəxəssislər tərəfindən müasir seysmik analiz sahəsində RSXM əməkdaşları üçün treninqlər keçirilib. Ankara Universitetinin professoru Bahadır Aktuğ tərəfindən isə Kolombo stres və GNSS analizi mövzularında təlim keçirilib.
Səfər çərçivəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları AFAD-ın “Akyurt” və “Gokçe” stansiyalarına səfər edərək, stansiyaların işi ilə yaxından tanış olublar.
Xatırladaq ki, gələn il Türkiyə tərəfi Azərbaycana bir ədəd dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ilin ortalarında quraşdırılması nəzərdə tutulub. Tərəflər arasındakı razılaşmaya əsasən, məlumat mübadiləsi sahəsində Türkiyənin 10 seysmik stansiyasının məlumatları RSXM-in Monitorinq Mərkəzinə ötürüləcək. Qarabağda seysmik stansiyaların quraşdırılması sahəsində də AFAD-ın Zəlzələ Departamenti ilə əməkdaşlıq ediləcək.