Romada bitki karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiya iştirakçılarının görüşü keçirilir
Bakı, 2 aprel, AZƏRTAC
Dünyanın 15-dən çox ölkəsinin, beynəlxalq və ictimai təşkilatların, habelə özəl şirkətlərin təmsilçiləri bitkilərin zərərvericilərdən mühafizəsinə imkan verən elmin son nailiyyətlərini müzakirə etmək məqsədilə Romaya toplaşıblar. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, burada bitki karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiya iştirakçılarının illik konfransı keçirilir.
Beynəlxalq ticarətin görünməmiş səviyyəyə çatdığı qloballaşma və texnologiyaların inkişafı şəraitində bitkilərin mühafizəsi məsələsi xüsusi aktuallıq kəsb edir. Məsələ ondadır ki, bitkilər üçün təhlükəli olan zərərvericilər mallar və insanlarla birlikdə səyahət edərək böyük əraziləri qət edirlər və iqlim dəyişiklikləri onlara yeni məkanlarda məskunlaşmaq imkanı verir. Bitkilər zərərvericilərin (xüsusən “yadelli” olduqda) qarşısında adətən acizdirlər. Bitkilərin məhv olması ərzaq itkisinə səbəb olur, bioloji müxtəlifliyi təhdid edir və beynəlxalq ticarətə əngəl törədir.
Hələ 1951-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) altıncı konfransında bitkilərin karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiya qəbul olunub. Bu beynəlxalq sənəd becərilən və yabanı bitkilərin mühafizəsinə kömək edir. 2017-ci ilə olan məlumata görə, Konvensiyaya 188 iştirakçı qoşulub.
Fitosanitariya tədbirləri üzrə komissiya Konvensiyanın iştirakçı tərəflərinin məşvərət orqanıdır. Konvensiyanın katibliyi üzv ölkələrin arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Katibliyin üzvləri, həmçinin beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, habelə tərəflər arasında münaqişələrin həllində iştirak edir.