ROSTOV-DONDA RUSİYA PREZİDENTİNİN MÜKAFATI UĞRUNDA CIDIR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 30-da Rostov ippodromunda Rusiya Prezidentinin mükafatı uğrunda cıdır keçirilmişdir.
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Moldova Prezidenti Vladimir Voronin, Özbəkistan Prezidenti İslam Kərimov, Ermənistan Prezidenti Robert Koçaryan, habelə Rusiyada rəsmi səfərdə olan Venesuelanın Prezidenti Uqo Çaves, Rusiya Federasiyasının müxtəlif regionlarının rəhbərləri fəxri qonaqlar lojasında əyləşmişdilər.
Cıdırın təntənəli açılışı Don kazak qoşununun bələdiyyə
dəstələrinin paradı ilə başladı. Sonra müxtəlif mükafatlar uğrunda yarışlar keçirildi.
Üç və daha çox yaşı olan atların Rusiya Prezidentinin mükafatı uğrunda 2000 metr məsafəyə yarışında Azərbaycanı Avsarbəy adlı at (çapar Özcan İldırım, usta-məşqçi Y.Musayev) təmsil edirdi.
Xatırladaq ki, həmin at indiyədək Türkiyədə 79 qaçışda 10 dəfə birinci olmuş, 15 dəfə isə ikinci yeri tutmuşdur.
Bu yarışın ümumi mükafat fondu 7 milyon rubl idi.
Fəxri qonaqlar üçün cıdır münasibətilə xüsusi xatirə medalı hazırlanmışdı.