Rumıniyada gənclər arasında güləş üzrə Avropa çempionatı başlayır
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 21-də Rumıniyanın paytaxtında gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Azərbaycan yığma komandasının böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Buxarestə Azər Nəsibli (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), Sənan Süleymanov (66 kq), Mehrac Kərimov (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Adəm Cəlilov (120 kq) yollanıb.
İyunun 23-24-də çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 5 güləşçimiz iştirak edəcək. Ölkəmizi Zelfira Ələkbərli (44 kq), Sona Tumarxanova (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) təmsil edəcək.
Avropa çempionatının son iki günündə mübarizəyə sərbəst güləşçilər qoşulacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Əli Rəhimzadə (60 kq), Fazil Həsənov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) birincilik uğrunda yarışacaq.
Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
Avropa çempionatı iyunun 26-da başa çatacaq.
Ötən il keçirilən qitə birinciliyində gənclərimiz yeni tarix yazaraq ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanmışdı.