RUMINİYADA “QARA DƏNİZ: DİALOQ VƏ TƏRƏFDAŞLIQ FORUMU” ÇƏRÇİVƏSİNDƏ SAMMİT KEÇİRİLƏCƏKDİR
Səfir bildirmişdir ki, Qara dəniz regionunda əməkdaşlığı və dialoqu möhkəmləndirmək məqsədi daşıyan forumun təşəbbüsçüsü Rumıniya Prezidenti Trayan Baseskudur. Forum region ölkələri arasında qarşılıqlı etimadı gücləndirmək, birgə layihələrin həyata keçirilməsinin müzakirəsinə imkan yaradacaqdır. Forum regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verəcəkdir.
Ölkəsinin Qara dəniz regionuna xüsusi əhəmiyyət verdiyini bildirən səfir Rumıniyanın regionu NATO-nun və Avropa İttifaqının diqqət mərkəzinə gətirmək istədiyini açıqlamışdır. Ölkənin yeni təhlükəsizlik strategiyasına görə, Qara dəniz regionundakı münaqişələr, o cümlədən Dnestryanı, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya münaqişələri Rumıniyanın təhlükəsizliyi üçün qorxuludur. Biz bu münaqişələrin həllini və regionda əməkdaşlığın möhkəmləndirilməsini istəyirik. Səfirin sözlərinə görə, “Qara dəniz: dialoq və tərəfdaşlıq forumu” bu istiqamətdə atılmış bir addımdır.
N.Ureke iyunun 5-də keçiriləcək sammitdə iştirak etmək üçün Qara dəniz regionu ölkələrinin dövlət başçılarına, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevə, Avropa İttifaqı ölkələrinin, ABŞ, Norveç və İsrailin xarici işlər nazirlərinə dəvət göndərildiyini bəyan etmişdir. Sammitdə nüfuzlu beynəlxalq və regional təşkilatların, eləcə də BMT-nin, NATO-nun, Avropa İttifaqının, Avropa Şurasının, Baltik Dövlətləri Şurasının yüksək səviyyədə nümayəndə heyətlərinin iştirakı da nəzərdə tutulmuşdur.
Diplomat sammitin yekunu kimi siyasi bəyannamənin qəbul olunacağına ümid etdiklərini bildirmişdir. İştirakçı ölkələrin ortaq mövqeyini əks etdirəcək bəyannamənin layihəsi, tərəflərə əvvəlcədən göndərilmişdir.
Forum çərçivəsində iyunun 6-da keçiriləcək seminarda QHT-lərin, özəl sektor nümayəndələrinin və elm adamlarının iştirakı nəzərdə tutulmuşdur. Bundan əlavə, sammitdən sonra müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ekspertlər səviyyəsində müzakirə ediləcəkdir.