Rumıniyanın kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi barədə məqalələr dərc edilmişdir
Buxarest, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, habelə ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, qeyri-hökumət təşkilatlarının və KİV-in nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il yanvarın 20-də kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bu faciə zamanı 130-dan artıq insan qətlə yetirilmiş, 700-dən artıq adam yaralanmışdır.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyini ciddi tənqid etmişdir.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını demişlər.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yollar” sənədli filminə tamaşa etmişlər.
20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən məlumat Rumıniyadakı səfirliyimiz tərəfindən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndəliklərinə, ölkənin nazirlik və digər dövlət strukturlarına göndərilmişdir. Rumıniyanın kütləvi informasiya vasitələrində Azərbaycanda törədilmiş qanlı aksiya barədə məqalələr dərc edilmişdir.