RƏSMİ XRONİKA
RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Sizi və bütün Rusiya xalqını Soçi şəhərinin 2014-cü il qış Olimpiya Oyunlarının paytaxtı seçilməsi münasibətilə ürəkdən təbrik edirəm. Şadam ki, milyonlarla rusiyalının olimpiya arzusu həyata keçmişdir.
Rusiyanın seçkiqabağı marafondakı qələbəsi rusiyalıların böyük idman məqsədi naminə yekdilliyi və sıx birliyinin sübutu, Rusiya idmanının şəksiz xidmətlərinin, Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin Sizə, Rusiyanın dinamik surətdə artmaqda olan imkanlarına inamının təsdiqi olmuşdur.
Əminəm ki, Soçi Olimpiadası özünün təşkilati səviyyəsinə, miqyasına və baxımlılığına, əldə olunmuş idman nəticələrinə görə beynəlxalq olimpiya oyunlarının tarixində yeni parlaq mərhələyə çevriləcək, beynəlxalq olimpiya hərəkatının inkişafına çox böyük töhfə verəcəkdir.
Olimpiya oyunlarının hazırlanması və keçirilməsində Sizə, Olimpiadanın Təşkilat komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə ürəkdən uğurlar, Rusiya olimpiyaçılarına isə yeni nailiyyətlər, yeni idman zirvələri arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
6 iyul 2007-ci il.