Rusiya Prezidenti türkiyəli həmkarına Mixail Qusmanın sənədli filmini təqdim edib
Moskva, 5 sentyabr, AZƏRTAC
Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli filmini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Mixail Qusmanın “Formula vlasti” silsiləsindən Rəcəb Tayyib Ərdoğana həsr etdiyi sənədli filmin təqdimatı iyun ayında Türkiyənin Moskvadakı səfirliyində olub. İyirmi beş dəqiqəlik filmə Mixail Qusmanın Türkiyənin dövlət başçısı ilə dörd söhbətinin fraqmentləri daxildir.
Sənədli film Rəcəb Tayyib Ərdoğanın uşaqlıq, məktəb və universitetdə oxuduğu illərdən, onun siyasətçi kimi formalaşmasından bəhs edir. Türkiyə Prezidentinin şəxsi həyatının məqamlarına - gələcək həyat yoldaşı ilə tanış olması tarixçəsi, dinə münasibəti, futbola sevgisinə xüsusi diqqət yetirilib.
Ümumilikdə, Mixail Qusman qeyd edir ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyət zirvəsinə yüksəlişi asan olmayıb, lakin o, ölkəyə rəhbərlik etdiyi illərdə Türkiyənin daha güclü və dayanıqlı dövlətə çevrilməsinə nail olub, bütün dünya onun rəyi ilə hesablaşır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva