RUSİYA XİN-İN BAŞÇISI ÖLKƏNİN BAKIDAKI VƏ AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
İlk dəfə olaraq belə görüşə Rusiyanın yeni diplomatının göndərildiyi ölkənin səfiri - Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu da dəvət olunmuşdur.
Görüşdə Lavrov bildirmişdir ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və yeni səfirin təyin edilməsi qarşılıqlı münasibətlərin möhkəmlənməsinə təkan verəcəkdir. O vurğulamıdır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Bu, çox yaxşı göstəricidir. S.Lavrov yeni səfirin əvvəlki fəaliyyətini də yüksək qiymətləndirərək, onu yüksək səviyyəli peşəkar, parlament sahəsini də, xalq diplomatiyasını da, Qərb istiqamətini də yaxşı bilən diplomat adlandırmışdır. Nazir demişdir: “Ümidvarıq ki, onun diplomat təcrübəsindən Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi üçün istifadə ediləcəkdir”.
Polad Bülbüloğlu demişdir ki, Rusiyanın Azərbaycana yeni səfirinin təyin olunması ikiqat enerji ilə işləməyə, iki ölkə səfirlərinin sıx qarşılıqlı əlaqəsi isə ölkələrimizin prezidentlərinin və XİN başçılarının tapşırıqlarını xalqlarımızın rifahı naminə daha səmərəli yerinə yetirməyə imkan verəcəkdir.
Görüşdən sonra V.İstratov bildirmişdir ki, Azərbaycana ən ciddi məramlarla gedir, “ölkələrimiz arasında artıq mövcud olan yaxşı münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsi üçün” əlindən gələni əsirgəməyəcəkdir. O demişdir: “Əminəm ki, strateji tərəfdaşlığın artıq yüksək səviyyəsinə qalxan münasibətlərin daha da yaxşılaşması üçün böyük potensial var”. Səfirin sözlərinə görə, o, etimadnaməsini dövlətimizin başçısına təqdim etdikdən sonra ölkəyə səfərlərə çıxmaq, azərbaycanlılarla, respublikada yaşayan rusiyalı həmvətənlərlə görüşmək, bütün istiqamətlərdə münasibətlərin genişlənməsinə təkan vermək niyyətindədir. O, Azərbaycan haqqında geniş məlumatlar verdiyinə görə həmkarı Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.
P.Bülbüloğlu demişdir ki, onlar qarşılarında duran bir sıra problemləri Rusiyanın yeni səfiri ilə müzakirə etmişlər. “Əlbəttə, iki səfirlik və iki səfir sıx əlaqədə işlədikdə, bir çox məsələlərin həlli sürətlənir”. O, həmkarına yeni vəzifədə böyük uğurlar arzulayaraq vurğulamışdır ki, onun diplomat təcrübəsi ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa kömək edəcəkdir.
Xatırladaq ki, Vasili İstratov Mixail Lomonosov adına MDU-nun tarix fakültəsini bitirmişdir. 1991-ci ilədək orada Böyük Britaniya tarixindən dərs demişdir. Elə həmin il XİN-ə keçmiş, burada əvvəlcə parlamentlə əlaqələrə şəxsən cavabdeh olmuşdur. 1996-cı ildə Şimali Amerika Departamenti direktorunun müavini təyin edilmişdir. Bu vəzifədə çalışarkən dörd il ərzində İrlandiyada səfir-elçi olmuşdur. Evlidir, bir qızı var.