SİYASƏT
Rusiyalı ekspertlər Ermənistan səlahiyyətlilərinin ritorikasını “təhlükəli” adlandırıblar
Moskva, 5 sentyabr, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində ona qarşı olan narazılığa görə Rusiyadan “ildırım sipəri” kimi istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikri MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov “TASS”a müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyana “ildırım sipəri” lazımdır. “Ermənistan cəmiyyətində ona qarşı yığılan mənfi enerjini yönəltmək istədiyi “ildırım sipəri” Rusiya şəklindədir”, - deyə o qeyd edib.
Analitik izah edib ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan “faktiki olaraq Qarabağ üzrə danışıqlar prosesini sıfırlayıb”. “O, uduzub və Minsk qrupu çərçivəsində danışıqlar barədə heç nə deyilməyən bəyanatı imzalamağa məcbur olub”, - deyə V.Novikov vurğulayıb.
Agentliyin digər həmsöhbəti - "Valday" Beynəlxalq diskussiya klubunun İnkişaf və Dəstək Fondu Şurasının sədri Andrey Bıstritski Paşinyanın ritorikasını “təhlükəli” adlandıraraq qeyd edib ki, o, dünya ictimaiyyətini manipulyasiya etməyə cəhd göstərir.
Həmçinin əlavə edib ki, Ermənistan elitası “nəhəng beynəlxalq əlaqələrə malikdir və özünün maraqlarını müdafiə etmək üçün qarşılıqlı şəkildə bir-birini rədd edən siyasi qüvvələr arasında olduqca ziddiyyətli bir balans tapmağa çalışır”. “Bu, orada vahid xəttin mövcud olmadığından xəbər verir”, - deyə A.Bıstritski vurğulayıb. O, "bu ikimənalı ritorika"nın İrəvanın həyata keçirməyi planlaşdırdığı real siyasətdən ciddi fərqləndiyindən əminliyini ifadə edib.
Eyni zamanda, ekspert bildirib ki, müvafiq bəyanatların Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyətə mənfi təsirini istisna etmək olmaz. "Erməni ritorikasında təhlükəli qeyri-ciddilik təəssüf ki, həqiqətən respublikanın həyatında və birbaşa yerlərdə vəziyyət üçün təhlükəli və əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər", - deyə analitik fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdığı iddiası ilə çıxış edib. Ermənistan baş nazirinin sözlərinə görə, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etmir, çünki Rusiya bunu ya etmək istəmir, ya da edə bilmir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva