Rusiyalı mütəxəssislər ADU-nun İnklüziv Təhsil Mərkəzində olublar
Bakı, 16 may, AZƏRTAC
Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun rektoru, Rusiya Peşəkar Erqoterapevtlər Assosiasiyasının prezidenti Sergey Maltsev, həmin institutun Sosial reabilitasiya və erqoterapiya kafedrasının əməkdaşları Natalya Leşenko vəYekaterina Mişina yeni əməkdaşlıq məqsədilə Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində olublar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dosent Nigar Zeynalova ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən xüsusi diqqət və qayğıdan danışıb. O, Azərbaycan Dillər Universitetində sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan əlverişli şəraitdən, inklüziv təhsilin prioritetlərdən birinə çevrilməsindən bəhs edib.
Həmin kafedranın müəllimi Samirə İbrahimova reabilitasiya xidmətlərinin keyfiyyəti, əmək bazarındakı çatışmazlıqlarla əlaqədar qısa xronikanı diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında təcrübə mübadiləsi imkanları müzakirə olunub, təkmilləşdirmə proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə edilib.
Qeyd edək ki, erqoterapiya ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin korreksiyaedici təlim ixtisasında tədrisə gətirilib. Fizioterapevtlər, müalicəvi bədən tərbiyəsi mütəxəssisləri, həmçinin psixoloqlar, pedaqoqlar tərəfindən erqoterapiyanın həyata keçirilməsini, sensor inteqrasiya fəaliyyətlərinin reabilitasiyadakı əhəmiyyətini nəzərə alaraq sahə üzrə məktəbin yaradılması, ixtisaslı erqoterapevtlər formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilib.