Rusiyanın qız və İtaliyanın oğlan voleybolçuları “EYOF Bakı 2019"un qızıl medallarının sahibidirlər
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qızların mübarizəsində final görüşündə rusiyalı voleybolçular Rumıniya milli komandasına 3:1 (23:25, 25:16, 25:19 və 25:17) hesabı ilə qalib gələrək çempion olublar.
Türkiyənin voleybolçu qızları üçüncü yer uğrunda görüşdə İtaliya milli komandası üzərində 3:0 (25:23, 25:21, 25:23) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Beşinci-altıncı yerlər uğrunda görüşdə Belarus voleybolçuları Almaniya təmsilçilərini məğlub ediblər - 3:1 (25:17, 25:23, 21:25, 25:18). Yeddinci-səkkizinci yerlər uğrunda digər qarşılaşmada Ukraynanın voleybolçuları Bolqarıstan seçməsini məğlubiyyətə uğradıblar - 3:0 (25:18, 25:23, 25:21).
Oğlanların yarışında final görüşündə Belçika komandasını məğlub edən İtaliya çempion olub. İtaliyalı voleybolçular hər üç setdə qələbə qazanaraq festivalın qızıl medallarına yiyələniblər - 25:21, 25:21 və 25:19.
Rusiya komandası Belarusla qarşılaşmada 3:1 (21:25, 25:16, 25:17, 28:26) hesablı qələbə qazanaraq bürünc medalları aktivinə yazdırıb.
Beşinci-altıncı yerlər uğrunda matçda Bolqarıstan voleybolçularını sınağa çəkən Çexiya 3:0 (25:22, 25:21, 25:16) hesabı ilə qələbə qazanıb. Yeddinci-səkkizinci yerlər uğrunda oyunda isə Almaniya seçməsi Azərbaycanın oğlanlardan ibarət voleybolçularına 3:1 (25:22, 34:32, 26:28, 25:20) hesabı ilə qalib gələrək yarışları yeddinci pillədə başa vurub.
Qeyd edək ki, festivalda həm qızların, həm də oğlanların voleybol yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Oğlanlar yarışında A qrupunda Azərbaycan, Almaniya, Rusiya, Belarus, B qrupunda isə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları mübarizə aparıblar. Qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıblar. Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşan seçmələr isə 5-8-ci yerlər uğrunda qarşılaşmalarda güclərini sınayıblar.
Voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində və Azərbaycan Voleybol Mərkəzində keçirilib.