REGİONLAR
Saatlıda pambıq sahələrində şum işləri başa çatıb
Saatlı, 4 mart, Mahir Babayev, AZƏRTAC
Saatlıda ötən ilin dekabr ayından pambıq sahələrində əkin üçün başlanan şum işləri başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə kimi rayonda 33 min 52 hektar şum aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 36 hektar çoxdur.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün pambıq sahələrini genişləndirməklə yanaşı, növbəli əkin sisteminə də üstünlük verirlər. Artıq məhsul istehsalçıları 4 pambıq emalı müəssisəsi ilə 13 min 400 hektar sahədə pambıq əkilməsi üçün müqavilə imzalayıb və bu iş davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 15 min 815 hektar sahədə pambıq əkilib və 30 min 447 ton məhsul yığılıb. Pambıqçılar cari ildə pambıq sahəsini 16 min hektara çatdırmağı planlaşdırıblar.