Sabah bəzi rayonlarda hava yağıntılı olacaq VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecə və səhər yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimal edilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı bildirilir. Gecə və səhər yollar buz bağlayacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından, axşam isə qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-3 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.