Sabah günün ikinci yarısından başlayaraq bəzi yerlərdə hava yağıntılı olacaq
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yanvarın 13-dən 14-nə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-11 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin axşamdan bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 3-7, gündüz 7-11 dərəcə isti olacaq.