Sabah yaz yağışı yağacaq
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 11-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 762 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti və arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Azərbaycanın rayonlarının bəzi yerlərində yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 11-16° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı ehtimal edilir.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 9-14° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində yağış yağacağı, intensiv olacağı ehtimal edilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 11-16° isti, dağlarda gecə 4-6°, gündüz 8-13° isti olacağı gözlənilir.