Sabahdan peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlanır
Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 1-dən 2023/2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 5-i saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi iyulun 28-dən avqustun 11-dək 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24 min 90 nəfərdən 75 min 140 müraciət daxil olub. Peşə təhsili müəssisələrinə qəbul olan namizədlərdən 13 min 660 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.